Azərbaycan, Ermənistan nazirlərinin görüşü gözlənilir

Nyu-York görüşü

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş gözlənilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 3-də məlumat yayıb.

Görüşün ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində baş tutacağı qeyd olunur.

ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşün dekabrın 5-də İtaliyanın Milan şəhərində keçiriləcəyi gözlənilir.

Məlumatda deyilir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də iştirakı nəzərdə tutulur.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

İki ölkənin xarici işlər naziri sonuncu dəfə 2018-ci il sentyabrın 26-da Nyu-Yorkda görüşüblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə olunan atəşkəs razılığına qədər Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib. Qarabağ münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.