Dünyada ən güclü pasport hansı ölkənindir

Azərbaycan pasportu

Dünyada ən güclü pasport Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsusdur. BƏƏ Pasport İndeksində Sinqapur və Almaniyanı geridə qoyub.

BƏƏ pasportuna sahib olanlar hazırda 167 ölkəyə öncədən viza almadan gedə bilirlər. 113 ölkəylə vizasız rejimdir, 54 ölkə vizanı girişdə verir.

Sinqapur və Almaniya pasportları ilə 166 ölkəyə öncədən viza almadan getmək olur. Bir neçə qərbi Avropa ölkəsi, Birləşmiş Ştatlar və Cənubi Koreya pasportları sonrakı yerləri bölüşürlər, 165 ölkəyə qabaqcadan viza almadan getməyə imkan verirlər.

Arton Capital şirkətinin hazırladığı bu indeks BMT-nin 193 üzv ölkəsini və daha altı ərazini əhatələyir.

İlk onluqda BƏƏ, Sinqapur və Almaniyadan sonra Danimarka, İsveç, Finlandiya, Luksemburq, Fransa, İtaliya və Niderland yer alıb.

Azərbaycan pasportu gücünə görə 60-cı yerdədir, 71 ölkəyə öncədən viza almadan getməyə imkan verir. Qonşulardan Rusiya 38-ci (116 ölkə), Gürcüstan 39 (115), Ermənistan 63 (68), İran 87-ci (42) pillədədir.