Sazişlə bağlı danışıqlar davam edir

Azərbaycan-AB

Dekabrın 4-də Bakıda Azərbaycan və Avropa Birliyi arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

«Report»un xəbərinə görə, görüş qapalı keçirilir. Danışıqların başlıca mövzusunun ticarət məsələləri olduğu deyilir.

AB-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.

2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə daha 5 postsovet ölkəsi - Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib və hazırda həmin saziş ətrafında müzakirələr davam etməkdədir.