Siyasi fəalın həbs edildiyi bildirilir

H.Malik

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlikin həbs edildiyi bildirilir.

ADR rəsmilərindən Ellada Məmmədli AzadlıqRadiosuna hərəkat fəalının inzibati pozuntuda günahlandırıldığını və barəsində Səbail Rayon Məhkəməsinin 25 sutka inzibati həbs qərarı çıxardığını bildirir.

Hərəkatın açıqlamasında H.Məlikin dekabrın 4-də gecə saatlarında evindən aparıldığı deyilir. Bu gün - dekabrın 5-də onun sosial şəbəkə hesablarındakı statusları silinib.

ADR hesab edir ki, bu, təsadüf deyil və nədə ittiham edilməsindən asılı olmayaraq, H.Məlikin ictimai-siyasi fəaliyyətinə görə cəzalandırıldığını sübut edir.

«Hüseyn Məlikin saxlanılması onun ictimai həyatda, həm də sosial şəbəkələrdəki siyasi fəallığı ilə bağlıdır. ADR olayı insan oğurluğu və fərdi azadlıqların pozulması kimi dəyərləndirir», -hərəkatın açıqlamasında vurğulanır.

Rəsmi qurumlardan, o cümlədən Daxili İşlər Nazirliyindən ADR fəalının inzibati qaydada həbs edilməsinin detallarını öyrənmək mümkün olmayıb.

H.Məlikin üzvü olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatını başda iqtisadçı Qubad İbadoğlu olmaqla 2014-cü ilin dekabrında Müsavat Partiyasının bir qrup keçmiş üzvləri yaradıb.