Senatorlar Khashoggi-nin ölümünə görə qətnamə hazırlayıb

Jamal Khashoggi

Birləşmiş Ştatların bir qrup respublikaçı və demokrat senatoru qətnamə layihəsi hazırlayıb Layihədə deyilir ki, Səudiyyənin vəliəhd şahzadəsinin jurnalist Jamal Khashoggi-nin öldürülməsində “əli olub”.

Əsasən simvolik sayılan bu qətnamə dekabrın 5-də təqdim olunub. Qeyd edək ki, konqresmenlər Prezident Donald Trump administrasiyasının jurnalistin qətlinə necə reaksiya verməsindən məyusdurlar.

ABŞ rezidenti, “Washington Post”un köşə yazarı Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb. O, Səudiyyə rejiminin açıq tənqidçisi idi.

Qətnaməni respublikaçı senator Lindsey Graham və demokrat senator Dianne Feinstein dəstəkləyir. Sənəddə deyilir ki, Senatda vəliəhd şahzadənin “qətldə əli olmasına” dair “yüksək səviyyəli inam” var.

Bundan bir gün öncə Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru qapalı iclasda senatorlara qətl barədə informasiya verib. Görüşdən çıxan senatorların çoxu, o cümlədən Graham deyib ki, bin Salman-ın bu qətldən şəxsən xəbərdar olmasına indi həmişəkindən daha çox inanırlar.

İndiyədək Trump administrasiyası vəliəhd şahzadə Mohammad bin Salman-ın qətlə bağlılığı versiyaları üzərində çox dayanmayıb. Ağ evin ər-Riyadla sıx münasibətləri var.