Neft-qaz gəlirləri 140 milyard dolları ötüb

Xəzərdə neft platforması

Azərbaycan Dövlət Neft Fondu (DNF) 2001-ci ilin əvvəlindən bu il dekabrın 1-dək «Azəri-Çıraq-Günəşli» (AÇG) neft-qaz yataqları blokundan ümumilikdə 137 milyard 446 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə qurumun məlumatında bildirilir.

Bu ilin yanvarından dekabrınadək AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 8 milyard 960 milyon dollar vəsait daxil olduğu deyilir.

Son 11 ayda Neft Fondunun «Şahdəniz» yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlərinin 222 milyon dollar təşkil etdiyi bildirilir.

«Şahdəniz» yatağından qazın satışından 2007-ci ildən etibarən əldə olunan ümumi gəlirlərin məbləğinin isə 2 milyard 506 milyon dollar olduğu qeyd edilir.

Xatırlatma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Onda BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8.0006 faiz), «ONGC Videsh Limited» (2.72 faiz), «Inpex» (10.96 faiz), «Itochu» (4.3 faiz), SOCAR (11.65 faiz), «Statoil» (8.56 faiz) və TPAO (6.75 faiz) pay sahibi idi.

Bu blok üzrə 2017-ci ildə saziş yenilənərək 2050-ci ilə kimi uzadılıb. Bu dəfə BP – 30.37, AzACG (SOCAR) - 25, «Chevron» - 9.57, «Inpex» - 9.31, «Statoil» - 7.27, «ExxonMobil» - 6.79, TPAO – 5.73, «Itochu» - 3.65 və «ONGC Videsh Limited (OVL)» - 2.31 faiz paya yiyələniblər.