İkram Rəhimov həbsdə qaldı

İ.Rəhimov

Bakı Apellyasiya Məhkəməsi realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılmamasını qanuni sayıb. Məhkəmə dekabrın 6-da jurnalistin vəkillərinin aşağı məhkəmənin qərarından verdiyi şikayətə baxıb.

Jurnalistin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, həm jurnalist, həm də onun vəkilləri məhkəmədə çıxış ediblər. Onlar deyiblər ki, İ.Rəhimovun istintaqdan gizlənmək, yayınmaq niyyəti olmayıb. Ona görə də, rayon məhkəməsinin həm məhkəməyə qədər həbs-qətimkan tədbiri seçməsini, həm də həbsin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı müraciətə rədd cavabı verməsinin qanuni olmadığını bildiriblər.

Ancaq Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrlik etdiyi məhkəmə kollegiyası bu arqumetləri qəbul etməyib. Səbail Rayon Məhkəməsinin İ.Rəhimovun ev dustaqlığına buraxılmamasını nəzərdə tutan qərarı qüvvədə saxlanılıb.

Yaxınlarının sözlərinə görə, qərarı qanunsuz sayırlar, jurnalistin vəkilləri Avropa Məhkəməsinə şikayət edəcək.

Xatırlatma

İ.Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb.

Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib. Bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında isə İ.Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: «İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib».

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.