Birləşmiş Ştatların Harvard Universiteti pakistanlı Nobel Sülh mükafatı laureatı Malala Yousafzai-nı qızların təhsil alması üçün gördüyü işə görə mükafatlandırıb.
Dekabrın 6-da Harvardın Kennedy Məktəbi Malalaya Gleitsman mükafatını təqdim edib.
21 yaşlı Malala hələ yeniyetmə ikən öz ölkəsində Talibanın sui-qəsdinə məruz qalmışdı.
“Malala zülmə məruz qalan qadınların və qızların güclü və mətanətli olması üçün çıxış edir”, – Harvard Kennedy Məktəbinin professoru, İctimai Liderlik Mərkəzinin direktoru David Gergen deyib.
125 min dollarlıq mükafat dünyada həyatın keyfiyyətini artırmağı hədəfləyən işə görə verilir.
Hazırda Britaniyanın Oksford Universitetinin tələbəsi olan Malala uşaqların təhsilini dəstəklədiyinə görə 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.