Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Milan şəhərində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.
Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Görüşdə ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin əsas danışıq mövzusu olduğu deyilir: «ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub».
XİN-in məlumatına görə, tərəflər həmçinin, yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanda media və ifadə azadlığından danışan E.Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb.
Beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri Azərbaycanda söz və ifadə azadlığının məhdudlaşdırıldığını, hakimiyyətin tənqidçilərini təqib etdiyini bildirirlər.
Siyasi hakimiyyət bu deyilənləri rədd edir.