ABŞ rəsmisi Azərbaycana minnətdarlıq etdi

L.Kuper

ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperin Azərbaycana səfəri zamanı ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Bu haqda Ağ Evin yaydığı məlumatda deyilir.

Açıqlamada L.Kuperin Azərbaycan prezidenti İlham Əliyevlə, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşlər keçirdiyi, ikitərəfli müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdiyi bildirilir.

«ABŞ-ın müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşdıq əlaqələrini möhkəmləndirməyə və vəzifələri paylaşmağa çalışdığı bir zamanda Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlığımı bildirirəm», - L.Kuper səfərin yekunları ilə bağlı bildirib.

O, həmçinin terrorizmə qarşı aparılan mübarizədə göstərdiyi vacib tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib.

ABŞ rəsmisi Azərbaycanın üzləşdiyi çağırışlar barədə deyib: «Azərbaycan mürəkkəb bir məkanda yerləşir. Bu yaxında biz Rusiya tərəfindən Ukraynada… Kerç boğazından keçən su nəqliyyatına qarşı qanunsuz və əsassız təcavüzün şahidi olduq. Ukrayna gəmilərinin evə qayıtdığı zaman beynəlxalq sularda hücuma məruz qalması Birləşmiş Ştatları dərindən narahat edir».

Pentaqon nümayəndəsi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə bağlı öhdəliyini yenidən təkrarlayıb. O, münaqişənin həllinin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla, Helsinki Yekun Aktına əsaslanmalı olduğunu vurğulayıb.

L.Kuper dekabrın 4-6-da Azərbaycanda olub.