Talibanın 14 əfqan əsgəri öldürdüyü bildirilir

Əfqanıstan, arxiv fotosu

Ötən gecə Taliban döyüşçüləri Əfqanıstan ordusunun iki postuna hücum edib, 14 əsgəri qətlə yetirib, 21 nəfəri əsir götürüb. Məlumatı Əfqanıstanın qərbində yerləşın Herat vilayətinin rəsmiləri verib.

Herat Vilayət Şurasının üzvü Najibullah Mohebi-nin deməsinə görə, hücum dekabrın 6-da Şindand bölgəsində başlanıb. İranla sərhədin 110 kilometrliyində yerləşən bu bölgədə Əfqanıstanın Hava Qüvvələrinin ən böyük bazalarından biri yerləşir.

Mohebi döyüşün altı saat çəkdiyini, dekabrın 7-də səhər bitdiyini bildirib. Əlavə qüvvələr gəlib, hücum edənlər geri oturdulub.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Ghafor Ahmad Jaweed öldürülən əsgərlərin sayının 10 olduğunu deyib.

Hücumda 200-dək Taliban döyüşçüsünün iştirak etdiyi, onların qumbaratanlardan, avtomat silahlardan istifadə etdiyi xəbər verilir.

Daha bir yerli rəsmi 30 talibançının qətlə yetirildiyini deyib.

Talibanın sözçüsü Zabiullah Mujahid Twitter-də yerləşdirdiyi videoda əsir götürülmüş əfqan əsgərlərin bir otaqda saxlandığını deyib.

Amma videonun həqiqiliyini təsdiqlətmək mümkün olmayıb.

Taliban sözçüsü döyüşdə 14 əsgərin öldürüldüyünü iddia edib.