Jurnalistin istintaqı başa çatıb

Anar Məmmədov

Gəncə hadisələri zamanı “criminal.az” saytında yayılmış məlumatlara görə açılmış cinayət işi üzrə istintaq başa çatıb. Bu haqda saytın baş redaktoru Anar Məmmədova dekabrın 8-də Bakı Şəhər Prokurorluğunda bildirilib.

“İstintaqın başa çatması barədə rəsmən məlumatlandırıldım. İttiham aktı ilə tanış olmaq üçün vaxt təyin edildi”, - Anar Məmmədov deyib.

O, dekabrın 11-də vəkilləri ilə birgə ittiham aktı ilə tanış olmaq üçün Bakı Şəhər Prokurorluğuna gedəcək.

Baş Prokurorluq Gəncə hadisələri zamanı “criminal.az” saytı barəsində cinayət işi açıldığını bildirmişdi.

Noyabrın 30-da A.Məmmədova yeni ittihamlar irəli sürülüb. İttihamların ağırlaşdırıldığı bildirilirdi.

Hazırda A.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır. Prokurorluq jurnalist barəsində polis nəzarətinə vermə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən “criminal.az”-a girişə məhdudiyyət qoyulmuşdu.

A.Məmmədov ittihamları rədd edir.