Çin ABŞ-ın səfirinə etirazını bildirib

Meng Wanzhou

Çin Birləşmiş Ştatların Pekindəki səfirini çağıraraq Çinin elektronika şirkəti rəsmisinin ABŞ-ın xahişilə Kanadada saxlanmasına etirazını bildirib.

Söhbət Huawei elektronika şirkətinin maliyyə direktoru Meng Wanzhou-nun saxlanmasından gedir. Xarici işlər nazirinin müavini Le Yucheng dekabrın 9-da səfir Terry Branstad-a “güclü etirazını bildirib”.

Rəsmi Xinhua agentliyi yazır ki, Le Meng-in saxlanmasını “həddən artıq kobudluq” adlandırıb, tələb edib ki, Birləşmiş Ştatlar onunla bağlı həbs orderini dəyişsin, yoxsa Pekin başqa addımlar atacaq.

Bir gün öncə Çin Kanada səfirini də çağırıb oxşar xəbərdarlıq etmişdi.

Huawei şirkətinin qurucusunun qızı olan 46 yaşlı Meng dekabrın 1-də Vankuverdə təyyarəsini dəyişən zaman saxlanıb. O, Birləşmiş Ştatlarda İrana ticarət sanksiyalarından yayınmağa çalışmaqda suçlanır.