DSK: İnflyasiya 2.3 faizdir

Sizin brauzer HTML5-i dəstəkləmir

Maaş və pensiyalar nə qədər artsın?

2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin müvafiq dövrünə nisbətən 2.3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsi (DSK) belə bildirir.

Qurumun açıqlamasına görə, ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2.6 faiz yüksəlib.

DSK habelə vurğulayır ki, bu ilin noyabrında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.6 faiz artıb: «O cümlədən ərzaq məhsulları 1.2 faiz, qeyri-ərzaq malları 0.2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0.1 faiz bahalaşıb».

Ay ərzində düyünün, unun, qoyun ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə, zeytun və qarğıdalı yağlarının bahalaşdığı bildirilir. Manna, qarabaşaq yarmasının, makaron məmulatlarının, limonun və başqa bəzi məhsulların da ucuzlaşdığı qeyd edilir.

İdxal-ixrac dövriyyəsində 1.3 faiz artım

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.

DSK bildirir ki, 104 ölkəyə məhsul ixrac, 171 ölkədən isə idxal edilib.

«2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 mlrd. 534.3 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 mlrd. 281.7 mln. dollar, idxalın dəyəri 9 mlrd. 252.6 mln. dollar təşkil edib. Nəticədə 8 mlrd. 29.1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36.4 faiz, o cümlədən ixrac 38.3 faiz, idxal 33 faiz artıb. Real ifadədə isə dövriyyə 1.3 faiz, o cümlədən ixrac 1 faiz, idxal 1.9 faiz artıb», - DSK bildirir.

İxracda ən böyük pay (27.7 faiz ) İtaliyaya, idxalda isə (16 faiz) Rusiyaya məxsusdur.