Səudiyyə Ərəbistanının Kralı Salman regiondakı rəqibi İranı başqa ölkələrin işlərinə müdaxilədə ittiham edib. O, ər-Riyadda regional sammit zamanı bu haqda danışıb.
“Ekstremist və terrorçu dövlətlər Körfəzdə və ərəb dünyasında təhlükəsizliyimizi hədələyirlər”, – kral dekabrın 9-da Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammitində deyib.
“İran rejimi düşmən siyasətini davam etdirir və başqa ölkələrin daxili işlərinə müdaxilə edir”, – o, sözlərinə əlavə edib.
İranın xarici işlər naziri Mohammad Javad Zarif tvitində buna dərhal cavab verərək deyib ki, “indiyədək regionda bir çox qoluzorlular müharibə və bədbəxtliyə səbəb olublar”.
KƏŞ-ə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Oman və Qətər daxildir, 1981-ci ildə İrana qarşı yaradılıb. Bu dövlətlərin hamısı Amerikanın müttəfiqləridir.
Qətər şeyxi Tamim bin Hamad Al Thani Kral Salman tərəfindən dəvət olunmasına baxmayaraq tədbirə qatılmayıb. 2017-ci ilin iyununda Səudiyyə, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi əlaqələri kəsiblər, onu regionda terrorçu fəaliyyəti dəstəkləməkdə ittiham ediblər. Qətər isə ittihamları rədd edir.