İraq İŞİD üzərində ‘qələbə’nin ildönümünü qeyd edir

Arxiv fotosu

İraq İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərində bir il öncə hökumətin elan etdiyi qələbənin ildönümünü qeyd edir.

Baş nazir Adel Abdel Mahdi dekabrın 10-da dövlət televiziyası ilə çıxışında deyib ki, İraq İŞİD-i ərazisindən çıxarmaqla “şər və terrorçu qüvvələr üzərində ən böyük qələbəni” çaldı.

Baş nazir korrupsiyanın kökünün kəsiləcəyini, yüzminlərlə didərginin evinə dönə biləcəyini də vəd edib.

10 dekabr İraqda rəsmi bayram elan olunub. Bağdadda nəzarət məntəqələri İraq bayraqları və şarlarla bəzədilib.

2014-cü ildə İŞİD İraq və Suriyada böyük əraziləri tutaraq İslam “xilafət”i yaratdığını elan edib.

Növbəti üç il ərzində İraqın hökumət qüvvələri, İranın dəstəklədiyi birləşmələr və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri qruplaşmayla mübarizə aparıb. Bu savaşda minlərlə adam dünyasını dəyişib.

İŞİD yaraqlıları İraqda tutduqları ərazilərin demək olar hamısını itirib, amma yenə də təkəmseyrək hücumlar gerçəkləşdirir.