Məmməd-Quliyev AB ilə danışıqlarda vaxt göstərdi

M.Məmməd-Quliyev

Azərbaycan ilə Avropa Birliyi (AB) arasında tərəfdaşlıq sazişinin mətni mart ayınadək razılaşdırıla bilər.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri bu gün, dekabrın 14-də jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, sazişin hazırlanıb paraflanması Azərbaycandan ötrü əsasdır. Onun deməsinə görə, məsələnin gecikməsinin səbəbi Avropa Birliyində islahatların aparılmasıdır.

Dünən dekabrın 13-də jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da bu məsələyə toxunmuşdu. O isə demişdi ki, 2019-cu ilin mayına qədər Bakı ilə yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyirlər.

«2019-cu ilin mayında AB-nin «Şərq Tərəfdaşlığı» Proqramının 10 illik yubileyi qeyd olunur. AB bu tarixə qədər Azərbaycanla yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyir», - deyən səfir sazişin iqtisadi blokunda tərəflərin xeyli irəliləyiş əldə etdiyini söyləmişdi.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

Ötən ilin fevralından isə Azərbaycanla bu qurum arasında ikitərəfli danışıqlar başlayıb. Siyasi, iqtisadi və başqa sahələr üzrə əməkdaşlığın əks olunduğu bu danışıqlar hələ ki, yekunlaşmayıb.

Ermənistan isə AB ilə ötən ilin noyabrında artıq tərəfdaşlıq sazişi imzalayıb.