Bakının Baş planından təzə xəbər var

Bakı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakının Baş planının tərtib olunması işinin birinci mərhələsi başa çatıb. Artıq ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə qoşmaq məqsədilə açıq tender elan edildiyi bildirilir.

Komitə birinci mərhələdə görülmüş işlər barədə detallı məlumat verib. Orada bildirilir ki, ötən illər ərzində hazırlanmış «Böyük Bakının Regional İnkişaf Planı» və «Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı» layihələri «Boston Consulting Group» şirkəti ilə birgə təhlil edilib. Həmin sənədlərdə bəzi çatışmazlıqların üzə çıxdığı, bununla belə, Bakının Baş planının hazırlanmasında ondan istifadə olunmasının mümkünlüyünün aydınlaşdığı qeyd edilir.

Birinci mərhələdə beynəlxalq təcrübənin də təhlil edildiyi vurğulanır.

Komitə habelə bildirir ki, hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib. Bunlar şəhərin tarazlı zonalaşdırılması, şəhər, ətraf mühitin regenerasiyası (bərpası), ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir. Həmçinin, milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi istiqamətləri də müəyyən edilib.

Birinci mərhələdə görülmüş işlər əsasında komitə «Boston Consulting Group» şirkəti ilə birgə beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin açıq tender vasitəsilə seçilməsindən ötrü layihə hazırlayıb. Əlaqəli qurumlardan ibarət tender komissiyası da yaradılıb. Komissiyanın seçəcəyi şirkət Bakının Baş planının hazırlanması işinin ikinci mərhələsini reallaşdırmalıdır.

Xatırlatma

2015-cı ildə bir neçə dövlət qurumu paytaxtın Baş planını hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişdi. Sonralar həmin plandan xəbər çıxmadı.

Prezident İlham Əliyev yayda, iyunun 27-də Baş planla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, planın hazırlanması ilə bağlı tədbirlərdən ötrü Prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılsın və xaricdən də mütəxəssislər gətirilsin.

Həmin sərəncamın ardınca Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xarici məsləhətçi şirkəti – «Boston Consulting Group»u işə cəlb edib. Adıçəkilən şirkətin son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York kimi böyük şəhərlərdə belə layihələr reallaşdırdığı bildirilir.