Gəncə olaylarına görə, həbs edilmiş bir qrupun məhkəmə prosesi başlamalıdır.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin məlumatına görə, həmin qrupun cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatına verilib.
Sözügedən cinayət işi üzrə 11 nəfər təqsirləndirilir. Təqsirləndirilən şəxslər Samir İbrahimov, Əli Rzayev, Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev, Xəyal Qafarov, Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Qadir Hüseynov və Vüqar Allahverdiyevdir.
Adıçəkilən şəxslər ictimai təhlükəsizlik, idarəetmə əleyhinə və narkotika ilə əlaqədar cinayətlərdə ittiham edilirlər. 11 nəfərə Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz silah gəzdirmə), 220.1 (Kütləvi iğtişaş), 234 (Narkotika) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
İşdə 17 nəfərin adı zərərçəkmiş şəxs kimi keçir.
Məhkəmə prosesi 2019-cu il yanvarın 10-da başlamalıdır.
Sözügedən qrupun işi Gəncə olayları ilə bağlı birinci proses olmayacaq. Bundan əvvəl daha bir qrupun işi Gəncə Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Həmin cinayət işi üzrə məhkəmə yanvarın 4-də başlayacaq.Bu iki qurupdan başqa da Gəncə olaylarına görə, məhkəmə qərarı ilə cəzalandırılan olub.
Söhbət gəncə olaylarından sonra həbs edilən Rza Səfərsoydan gedir. O, Səbail Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilib. 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı olan R.Səfərsoy Facebook-dakı statuslarına görə, məhkum edilib.Onun həyat yoldaşının sözlərinə görə, əri qətldə günahlandırılan Yunis Səfərovun həbsindən sonra onun durumundan narahatlıq ifadə edən statuslar yazıb, ictimaiyyəti onu tək qoymamağa çağırıb, ardınca həbs edilib.
Ona Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə günahlandırılıb.
Xatırlatma
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.
Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 80-nə yaxın şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.
Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü haqqında rəsmi məlumat yayılıb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.