Səudiyyə Ərəbistanı ABŞ Senatının ötən həftə qəbul etdiyi iki qətnaməni rədd edib. Qətnamələrdən biri Birləşmiş Ştatları Səudiyyənin Yəməndəki müharibəyə dəstəyini dayandırmağa çağırır, digəri isə jurnalist Jamal Khashoggi-nin qətlinə görə məsuliyyəti birbaşa vəliəhd şahzadənin üzərinə qoyurdu.
“Krallıq ABŞ Senatının həqiqi olmayan iddialara söykənən son mövqeyini pisləyir, daxili işlərinə hər hansı müdaxiləni qətiyyətlə rədd edir”, – Səudiyyənin Xarici İşlər Nazirliyi dekabrın 16-da bildirib.
Dekabrın 13-də Senat Birləşmiş Ştatların ər-Riyadın Yəməndəki müharibəsinə hərbi yardımı kəsməyə çağırıb və bu addım Prezident Donald Trump-ın qınanması kimi qəbul olunub.
Çoxları Yəməndəki müharibəni Səudiyyə və İranın savaşı sayır.
Səudiyyə rejiminin tənqidçisi olan Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluqda qətlə yetirilib. Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat Agentliyi bildirib ki, bu qətldə vəliəhd şahzadənin əli olmasına dair əlində sübut var. Şahzadə isə iddiaları rədd edir.