Sürücü Yol polisi ilə mübahisədən sonra...

Yol polisi

Dekabrın 16-da Bakının Nəsimi rayonunda, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində sürücü ilə polis əməkdaşları arasında insident baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da faktı təsdiqləyib. Onun sözlərinə görə, insidentə səbəb saz vəziyyətdə, istismarı mümkün olmayan «QAZ-31» markalı, 10-NR-899 dövlət nömrə nişanlı avtomobilin yük daşıma qaydasını pozması olub. V.Əsədovun qeyd etməsinə görə, avtomobilin üstündə 12 metr uzunluğunda tikinti materialı – armatur daşındığından Yol polisi əməkdaşları sürücünü saxlayıb.

Bölmə rəisi habelə vurğulayıb ki, sürücü saxlanarkən Yol polisləri sənəd tələb edib, ona içkili olub-olmamasını yoxlamaqdan ötrü tibbi müayinədən keçməsi təklif olunub: «Lakin sürücü sənəd təqdim etməyib, müayinədən keçirilməsindən imtina edib. Üstəlik, avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kibrit çıxarmaqla özünü yandıracağını deyib. Polis kibriti əlindən alsa da, sürücü alışqan çıxararaq özünü yandırmağa çalışıb».

V.Əsədov deyib ki, sürücü özünü yandırmağa çalışanda polis əməkdaşları bunun qarşısını alıblar. Onun vurğulamasına görə, sürücünün əynində yanan paltarları çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb: «Hadisə zamanı Yol polisi əməkdaşı da yanıq xəsarəti alıb».

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, yanıq xəsarəti alan sürücü Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam edir.

Adının çəkilməsini istəməyən bir mənbədən isə bildirib ki, yanıq xəsarəti alan sürücü Kamil Məhərrəmov adlı şəxsdir.

Sürücüdən və onun yaxınlarından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda bundan öncə də Yol polisi ilə mübahisədən sonra sürücülərin özünü yandırmağa cəhd etməsi halları baş verib. Həmin hadisələrdə sürücülər baş verənləri Yol polisinin onları əsassız cəzalandırması, qarşı tərəf isə həmin sürücülərdə psixoloji problemlərin olması ilə izah ediblər.