A.Qasımlı: ''Azərpoçt' şikayətin itməsini təsdiqləyir'

A.Qasımlı

«Azərpoçt» MMC-nin «Respublikaçı Alternativ» (REAL) Partiyasının rəhbərlərindən Azər Qasımlının Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərdiyi şikayətinin itdiyini rəsmən təsdiqlədiyi bildirilir. Poçtun bununla bağlı siyasətçinin vəkillərinə yazılı cavab göndərdiyi deyilir.

Söhbət A.Qasımlının bu ilin mayında inzibati qaydada həbs olunmasından AİHM-ə göndərdiyi şikayətin bir müddət öncə itməsindən gedir.

A.Qasımlı «Turan» agentliyinə bildirib ki, onun vəkilləri şikayətin itməsi ilə bağlı «Azərpoçt»a müraciət edib, araşdırma aparılmasını istəyiblər. Onun deməsinə görə, həmin müraciətə «Azərpoçt» MMC-nin baş direktorunun müavini Sübhan Kazımov cavab verib.

Müdafiə tərəfinin bildirməsinə görə, cavabda qeyd edilir ki, «Fransaya göndərilmiş beynəlxalq poçt göndərişi Bakı Poçt Daşıma Mərkəzində itib».

Cavabda həmçinin, poçt göndərişinin itməsinə görə dəymiş maddi ziyanın ödəniləcəyinin də qeyd edildiyi deyilir.

«Mövcud qaydalara uyğun olaraq, sözügedən poçt göndərişinin itirilməsinə görə sizə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün 1 saylı Poçt filialına müvafiq göstəriş verilmişdir», - müdafiə tərəfinin bildirməsinə görə, cavabda yazılıb.

A.Qasımlının bildirdiyinə görə, itmiş şikayət artıq təkrar AİHM-ə göndərilib.

Müdafiə tərəfinin bu açıqlamasına «Azərpoçt» MMC-dən münasibət almaq mümkün olmayıb .

Azər Qasımlı ilə bağlı nə baş vermişdi

REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlı mayın 29-da Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həmin vaxt həbsini Respublika günü şəhərin mərkəzində keçirilən yürüşlə izah edib.

Mayın 28-də Bakının mərkəzində 28 may - Respublika günü münasibətilə REAL Partiyasının üzvlərinin və başqa fəalların iştirakı ilə yürüş keçirilib. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib. Bundan bir gün sonra isə A.Qasımlı saxlanmışdı.

Xatırlatma

Bundan öncə bir neçə vəkil və hüquqşünaslar da eyni problemlə üzləşdiklərini açıqlayıblar. Onların arasında Nemət Kərimli, Əsabəli Mustafayev Elçin Sadıqov da olub. Gənc fəal Bayram Məmmədov, müxalif siyasətçi Fuad Qəhrəmanlı, «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə AİHM-ə göndərilən şikayət ərizələri gedib ünvanına çatmayıb. Sonradan onlarla bağlı şikayətlər yenidən göndərilib.

«Azərpoçt» MMC-dən həmin vaxt AzadlıqRadiosuna məktubların bəzən ünvanına gedib çatmadığını təsdiqləsələr də, bildirilib ki, belə hallar istənilən ölkədə baş verir: «Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil».

Ancaq bəzi vəkil və hüquqşünaslar belə halların baş verməsini sırf texniki qüsur kimi qəbul etmirlər. Onların fikrincə, Azərbaycan hökuməti təmsilçiləri imkan daxilində AİHM-ə şikayət getməsini istəmirlər. Hərçənd, rəsmilər də belə fikirləri bölüşmürlər.