H.Məlik: 'Bölmədə dedilər ki, prezident haqqında statusuma görə...'

H.Məlik

«Saxlandığım bölməyə Xətai rayonundan bir əməliyyat müvəkkili gəldi. Dedi ki, «bilirsən də, səni niyə tutublar». Cavab verdim ki, «yox». Qayıtdı ki, «prezident haqqında status yazmısan, təhqir eləmisən». Bildirdim ki, «birincisi, mən heç kimi təhqir eləməmişəm. Eləmişəmsə də, yazın ki, buna görə tutmuşuq, daha polisə müqavimət nədir?», – Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlik məhkəmədə həbsi barədə danışarkən deyib.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsinin qərarıyla polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib 25 sutka inzibati həbs cəzası alan H.Məlik həmin qərardan apellyasiya şikayəti verib. Dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən H.Məlik özü də, vəkili də deyib ki, polisə müqavimət ittihamı doğru deyil. Onu gecə saat 1 radələrində gəlib evindən aparıblar.

«Vəkil YAP üzvü olduğuna görə imtina etdim»

«İki nəfər idilər, biri mülki geyimdə, o biri də polis formasında. Birbaşa Səbail rayonu, 41-ci bölməyə apardılar. İki nəfəri üzümə qoydular ki, guya polisə müqavimət göstərmişəm. Məni aparanda güclə geyindim, heç zəng eləməyə imkan vermədilər. Telefonumu da əlimdən almışdılar», – H.Məlik bildirib.

Siyasi fəalın dediyinə görə, bölmədə səhhəti pisləşib, polislər Təcili Tibbi Yardım çağırıblar.

Məhkəmədə hüquqlarını müdafiə etmək üçün H.Məlikə dövlət hesabına vəkil təyin olunub. Deyir ki, vəkilin YAP üzvü olduğunu biləndə onun xidmətindən də imtina edib: «Telefonumu açmaq üçün kodunu istəyirdilər, vermirdim. Bir nəfər çağırdılar ki, gəlib açsın. Gördüm ki, xarab eləyəcəklər, özüm verdim. Facebook hesabıma girib, iyun ayına qədər bütün statuslarımı sildilər. Bunun özü də sübut edir ki, məni məhz statuslarıma görə həbs ediblər. Məhkəmə də cəmi 4 dəqiqə çəkdi. Heç mənə danışmağa imkan vermədilər. Gəlib 25 sutkalıq qərarı oxudu».

H.Məlik bildirib ki, apellyasiya məhkəməsindən də ədalət gözləntisi yoxdur. İnamı olmadığına görə də hakimdən heç nə xahiş etmir: «Çünki bu, ədalət məhkəməsi deyil, YAP məhkəməsidir. Mən xahiş eləmirəm, sadəcə, deyirəm ki, qərarı ləğv eləyin».

Hakim Kamran Əkbərov heç kürsüdən tərpənmədən, müşavirə otağına getmədən Səbail Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.

H.Məlikin yaxınları AzadlıqRadiosuna bildirib ki, inzibati həbs işlərində ölkə daxilində sonuncu müdafiə vasitəsi apellyasiya məhkəməsidir. Ona görə də növbəti hüquqi addım bu qərardan Avropa Məhkəməsinə şikayət etmək olacaq.

H.Məlikin üzvü olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatını başda iqtisadçı Qubad İbadoğlu olmaqla, 2014-cü ilin dekabrında Müsavat Partiyasının bir qrup keçmiş üzvü yaradıb.