Baş redaktor: 'Azadlıqda sayılı günlərim qaldı...'

A.Məmmədov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsi və bundan sonra baş verən hadisələr zamanı criminal.az saytında yayılmış məlumatlara görə cinayət məsuliyyətinə cəlb olunan baş redaktor Anar Məmmədovun məhkəməsi başlayır.

CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 309.2 (vəzifə səlahiyyətlərini aşma - zor tətbiq etməklə və ya belə bir hədə ilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan A.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Bu iş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin olunub.

Bu barədə AzadlıqRadiosuna məhkəmədən bildirilib.

Baş redaktorun özü də məhkəmədən ona bildiriş gəldiyini təsdiqləyib: «Hər şey ildırım sürətiylə gedir. Yarım sutka ərzində ittiham aktım təsdiqlənib məhkəməyə göndərildi, hakimin icraatına verildi və məhkəmənin vaxtı təyin olundu. Azadlıqda sayılı günlərim qaldı…».

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə qarşı iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən criminal.az-a girişə məhdudiyyət qoyulmuşdu.

Noyabrda isə A.Məmmədov yenidən Bakı Şəhər Prokurorluğuna çağırılmış və ona təqsirləndirilən şəxs qismində cəlb olunması, üç maddə ilə ittiham irəli sürülməsi barədə qərar elan olunmuşdu.

A.Məmmədov özünü təqsirli bilmir və ittihamları rədd edir.

Baş redaktorun ittiham olunduğu maddələrdən 281.2 üzrə qanunda 5 ildən 8 ilədək, 309.2 üzrə 3 ildən 8 ilədək həbs nəzərdə tutulub. Qanunda vəzifə saxtakarlığının cəzası kimi isə 1500 manatdan 3000 manatadək cərimə, 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə müəyyənləşdirilib.