Prezident: 'Azərbaycan nadir ölkələrdəndir ki...'

İ.Əliyev Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda

«Bu gün ölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi xidmət almaq mümkündür».

Prezident İlham Əliyev bu gün, dekabrın 18-də belə deyib. O, əsaslı yenidənqurmadan sonra Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda yaradılan şəraitlə tanış olub.

Prezident qeyd edib ki, son 15 ildə 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunub: «Bu gün ölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi, əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir. Əminəm ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq. Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir».

İ.Əliyev deyib ki, sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar Azərbaycan vətəndaşlarının sağlam olması məqsədi güdür.

«Son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır», - prezident bildirib.

Xatırlatma

Azərbaycanda bəzi ekspertlər səhiyyənin keyfiyyətini o qədər də yüksək saymırlar. Üstəlik, onlar deyirlər ki, Azərbaycanda reallıqda tibbi xidmətlər pulludur. Həmin ekspertlər iddia edirlər ki, əgər belə olmasaydı, hər il Azərbaycandan çox sayda insanlar müalicə məqsədilə İran, Türkiyə, Gürcüstan və başqa ölkələrə üz tutmazdılar.