Dollar qərarı dünyaya necə təsir göstərir – Qərb mediası

Moskvada da rubl ucuzlaşır

“Reuters” agentliyi Birləşmiş Ştatların Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini qaldırmasının dünyanın müxtəlif tərəflərində biznesi təsirləndirməsindən yazır. Məsələn, FED-in dolları bahalandırması İndoneziya rupisini “vurur”, ancaq Cakartada mağaza sahibi Andy Kurniawan qiymətləri qaldırmaq istəmir.

Hər şey batır, amma cəsarətimi toplayıram, adamların hələ də mağazama gələcəyinə ümid edirəm”, – o deyir.

FED-in bu həftə də faiz dərəcələrini qaldıracağı gözlənir və “Reuters” bu qərarın əhatə dairəsinin çox geniş olduğunu vurğulayır. Bəzi rəsmilər qurumu hərəkətlərinin yeni yaranan bazarlara təsirinə həssas yanaşmağa çağırıb.

ABŞ Prezidenti Donald Trump da FED-i sürətlə və sərt şəkildə davranmaqda, elə də böyük uğur qazanmamaqda suçlayıb.

İllüstrativ foto

FED faiz dərəcəsini qaldırmaqla ABŞ-ın hökumət istiqrazlarını okeanın bu tayında daha riskli sərmayələrə qoyulması baxımından daha cəlbedici edir. Ancaq inkişaf etməkdə olan bazarlarda digər valyutalar hesabına dollara tələbat artır.

ABŞ mərkəzi bankı da qərarlarının ölkə sərhədlərinə təsir göstərməsini danmır, amma arqumenti budur ki, inflyasiyanı cilovlamalıdır, ölkədə işsizlik maksimum azaldılmalıdır.

FED-in Nyu York üzrə prezidenti iyunda istefaya getməmişdən öncə “Reuters”ə demişdi ki, qurumun hərəkətləri heç kəsi təəccübləndirməməlidir, digər ölkələrin siyasətçiləri hazırlıqlı davranmalı, qərarlara adaptasiya olunmalıdırlar.

İşsizlik və gəlir ömür uzunluğuna necə təsir göstərir

Yaşadığınız yerin sağlamlığınıza təsiri böyükdür. “The Associated Press” agentliyi Səhiyyə Statistikası üzrə Milli Mərkəzin məlumatlarına əsasən belə yazır.

Nyu Yorkda etiraz aksiyası, arxiv fotosu

Son illər Birləşmiş Ştatlarda ömür qısalıb, 2015-ci ildə 78,7 il idi, ötən il 78,6 ilə düşüb. Ekspertlər səbəb kimi narkotik asılılığını, intiharları göstərirlər.

Ancaq Amerikanın bəzi yerlərində son vaxtlar dünyaya göz açanlar daha uzun, yaxud daha qısa ömür də sürə bilərlər. Agentlik 4 min sakinin yaşadığı coğrafi ərazilər üzrə məlumatları təhlil edərək üzə çıxarıb ki, yüksək işsizlik səviyyəsi, gəlirlərin azlığı, qaradərili, yaxud yerli amerikalıların çox yaşadığı məkanların, orta təhsil göstəricilərinin azlığının da ömür uzunluğuna təsiri var.

Məsələn, bir ərazidə işsizlik səviyyəsində 10 faizlik artım ömür uzunluğunda təxminə ilyarım azalmaya səbəb olub. Yaxud orta məktəbi bitirə bilməyənlərin çox yaşadığı ərazidə ömür daha qısadır.

Ruzvelt adasının şimal hissəsində 2010-2015-ci illərdə doğulmuş uşaqların 59, Menhettenin Çin məhəlləsində (Çinətaun) dünyaya göz açmış uşağın isə 93,6 il yaşayacağı proqnozlaşdırılır.

AP ştatlar arasında da ziddiyyətləri ortaya çıxarıb. Ən uzunömürlülər Havayda yaşayır – 82 il. Missisipidə isə ən aşağı göstərici qeydə alınıb – 74,9 il.

Jurnalistlərdən işinə görə qisas alırlar

Bu il iş başında azı 53 jurnalist öldürülüb, onlardan 34-dən məhz işinə görə qisas alınıb. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) illik təhlilində bildirir. Rəqəmlər yanvarın 1-dən dekabrın 14-dək olan müddəti əhatələyir. Qurum son üç ildə ən çox jurnalistin məhz bu il qətlə yetirildiyini vurğulayır.Ən çox jurnalist Əfqanıstanda öldürülüb, ekstremistlər media əhlinə hücumları artırıblar. Ondan sonra Suriya və Hindistan gəlir.

Jan Kuciak-ın qətlinə Bratislavada etiraz aksiyası

Həbsə atılan jurnalistlərin sayında da artım var və bu da mətbuat azadlığı sahəsində qlobal böhranı dərinləşdirir. Jurnalistlərə fiziki təhlükənin olduğu bir məqamda bir sıra ölkələrin liderləri antimətbuat ritorikanı da ikiqat artırırlar.

Bu il səudiyyəli jurnalist Jamal Khashoggi-nin Səudiyyənin İstanbuldakı konsulluğunda qətli, slovakiyalı araşdırmaçı jurnalist Jan Kuciak-ın nişanlısı ilə birlikdə öldürülməsi böyük səs-küy yaradıb.

Apreldə Əfqanıstanda intiharçı bir qrup jurnalisti hədəfə alıb, bircə partlayışda doqquz jurnalist həlak olub. Ötən il işinə görə 18 jurnalistin qətlə yetirildiyi bildirilirdi.

Merilenddə “Capital Gazette”nin ofisində atışma zamanı isə silahlı dörd jurnalisti və bir satış köməkçisini güllələyib. Bu, Birləşmiş Ştatların media tarixinə son illərin ən ölümcül hücumu kimi düşüb.