Facebook, Twitter cəriməylə hədələnir

Aleksandr Zharov

Rusiya hökumətinin media tənzimləyici qurumunun rəhbəri Facebook və Twitter sosial şəbəkələrini hədələyib ki, istifadəçilər barədə informasiyanın ölkədə saxlanmasını tələb edən qanunlara əməl etməsələr cərimələnəcəklər.

Aleksandr Zharov bu təhdidi dekabrın 18-də səsləndirib.

Rusiya hakimiyyəti qlobal internet və sosial media şirkətləri üzərində daha geniş nəzarət tətbiq etməyə çalışır.

Zharov deyib ki, rəhbərlik etdiyi Roskomnadzor sözügedən iki şirkətə hüquqi xəbərdarlıq göndərib və onların datanı “lokallaşdırmağı” tələb edən qanunlara əməl etmək üçün 30 günləri var.

Şirkətin üzləşəcəyi cərimə 5min rubl, yaxud 100 dollar ola bilər. Ancaq Zharov şirkətlərə daha böyük cərimələr kəsilə biləcəyini, digər addımları da istisna etməyib. Xəbəri TASS yayıb.

Rusiya hökuməti Google və Apple kimi şirkətlərin istifadəçilərinə də nəzarəti sərtləşdirməyə çalışır.

Rusiyanın özünün VK sosial media şirkətinin qaydalara əməl etdiyi bildirilir.

2014-cü ildə qəbul edilmiş mübahisəli qanunun məqsədi rusiyalıların şəxsi informasiyasını qorumaqdır, hakimiyyət belə deyir. Tənqidçilərin fikrincə, məqsəd sosial media şəbəkələrinə nəzarəti möhkəmləndirməkdir.

Roskomnadzor 2016-cı ilin noyabrında LinkedIn şəbəkəsini bağlayıb, qanuna əməl etmədiyini bildirib.