Deputat: 'Bəzi problemlər 2019-ci ilə qalır'

F.Mustafa

«2018-ci ildə Azərbaycanın kataklizmlər yaşamaması, dövlət müstəqilliyinin qorunub saxlanması, dünyanın aparıcı gücləriylə problemlər yaranmaması və ölkəyə hərbi müdaxilənin olmaması bu ilin uğurlarından sayıla bilər».

Milli Məclisin deputatı Fazil Mustafa bunu başa çatmaqda olan 2018-ci ili Azərbaycandan ötrü dəyərləndirərkən bildirib.

Bütün bunlarla belə, F.Mustafa deyib ki, ölkə problemlər də yaşayıb və bunların çoxu da iqtisadi, sosial, maliyyə sahəsindədir: «Ən böyük problem 30 ildən artıq davam edən Qarabağ münaqişəsinin həllini tapmamasıdır və bu problem 2019-cu ilə gedir».

F.Mustafa hesab edir ki, əhalinin məşğulluq səviyyəsinin yüksək olmaması da problemlər sırasındadır. Deputatın fikrincə, sosial sahədə də problemlər qalmaqdadır.

F.Mustafa vurğulayıb ki, 2015-ci ildə baş vermiş iki devalvasiyadan və manatın iki dəfə dəyər itirməsindən sonra aktuallaşan vaxtı keçmiş kreditlər (1.7 milyard manat olduğu bildirilir) problemi də həll edilməyib.

«Amma bütün mənfi-müsbət tərəfləri ilə birgə ali amallar baxımından 2018-ci ili ölkə üçün uğurlu saymaq olar», - deyə deputat qeyd edib.