ABŞ Türkiyəyə Patriot sistemi təklif edir

ABŞ əsgərləri Patriot sistemi yanında, Türkiyə, 2014-cü il

Dövlət Departamenti bildirir ki, Birləşmiş Ştatlar Türkiyəyə 3,5 milyard dollarlıq Patriot raket sistemi satmağı təklif edib.

Konqres bu təklif haqda bilgiləndirilib. Məqsədin Ankaranın hava və raketdən müdafiə qabiliyyətini gücləndirmək olduğu bildirilir.

Dövlət Departamenti deyir ki, bu razılaşma “terrorçuluğa qarşı ön cəbhədə aparıcı NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmaqla Birləşmiş Ştatların xarici siyasət və milli təhlükəsizliyinə töhfəsini verəcək”.

Bu təklifdən öncə NATO üzvü olan Türkiyə Rusiyadan S-400 raket kompleksləri aldığını elan edib.

Vaşinqton deyir ki, Rusiyanın sistemi digər NATO müttəfiqlərinin işlətdiyi silahlara uyğun deyil.

Amerikanın addımını Kremlin sözçüsü Dmitry Peskov dekabrın 9-da şərh edib. O bildirib ki, Rusiyanın Ankaraya S-400 raket sistemlərinin satışıyla bağlı kontraktı Türkiyənin qərarından asılı olmayaraq gerçəkləşdirilir.