'AtaSığorta'nın lisenziyası dayandırıldı

«AtaSığorta»

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinə (ASC) təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.

Bu barədə bu gün, dekabrın 20-də Palata məlumat yayıb.

Məlumatda bu qərar «AtaSığorta» ASC-nin məcmu kapitalının tələb olunan minimal məbləğdən az olması ilə izah edilib.

«Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb», - məlumatda vurğulanır.

«AtaSığorta» ASC-nin bu qərara münasibətini öyrənmək mümkün olmayıb.

Xatırlatma

2015-ci ildə Azərbaycanda manatın iki dəfə dəyər itirməsi ilə nəticələnən devalvasiyalardan sonra 10-dan çox bank və bir sıra sığorta şirkətinin lisenziyası əllərindən alınmışdı. Bu, əsasən, onların öz öhdəliklərini yerinə yetirə bilməmələri və kapital azlığı ilə izah edilirdi. İki ay əvvəl isə Palatasının qərarı ilə iki sığorta şirkətinin və 13 sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib. Həmin ləğv qərarları hesabatların təqdim olunmaması ilə izah edilmişdi.