SOCAR Türkiyədə yeni kompleks tikir

SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırır.

Bu gün, dekabrın 20-də BP və «SOCAR-Türkiyə» neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyi üçün birgə müəssisənin yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

Bu barədə SOCAR-ın məlumatında bildirilir.

Məlumata görə, karbohidrogen kompleksi «SOCAR-Türkiyə»nin Əliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. Müəssisədə ildə 1.25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur.

Şirkət bildirir ki, saziş prinsipləri imzalandıqdan sonra BP və «SOCAR-Türkiyə» müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.

BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.

«Biz 2008-ci ildə «Petkim»i alaraq Türkiyə bazarına daxil olmuşuq və o vaxtdan etibarən STAR zavodu, TANAP (Trans-Anadolu Qaz Kəməri), «Petlim» konteyner terminalı, «Petkim» külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırmışıq», - «SOCAR-Türkiyə»nin Direktorlar Şurasının sədri Vaqif Əliyev qeyd edib.

Xatırlatma

SOCAR Azərbaycanın milli neft-qaz şirkətidir.

SOCAR-ın törəməsi olan «SOCAR Turkey Enerji A.Ş» (SOCAR-Türkiyə) Türkiyənin ən böyük beynəlxalq investorlarından sayılır. SOCAR-ın məlumatına görə, şirkət bu ölkədə həyata keçirilən enerji layihələrinə 14.2 milyard dollar sərmayə yatırıb.