'Hicab məhbusu' yenidən həbs cəzası alıb

Təhsil Nazirliyi qarşısında aksiya. 5 oktyabr 2012

Təhsil Nazirliyi qarşısında aksiya. 5 oktyabr 2012

Bu gün, dekabrın 20-də Xətai Rayon Məhkəməsində «hicab məhbusu» kimi tanınan Telman Şirəliyev ilə bağlı açılmış əlavə cinayət işi üzrə proses başa çatıb.

Bunu AzadlıqRadiosuna T.Şirəliyevin yaxınları bildirib. Onların deməsinə görə, Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisələrində saxlanan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham edilən T.Şirəliyevin yatağının altından deşici alət, biz tapıldığı iddia olunurdu. Bu maddə ilə ona 6 ay həbs cəzası verilə bilərdi.

Yaxınlarının iddiasına görə, məhkəmədə T.Şirəliyevin təqsirli olduğu açıq şəkildə sübut olunmayıb. Onların deməsinə görə, ancaq hakim Əkrəm Qəhrəmanovun sədrlik etdiyi məhkəmə heyəti «hicab məhbusu»nu günahsız saymayıb. Məhkəmənin hökmünə əsasən, T.Şirəliyev 5 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib.

Yaxınları T.Şirəliyevin vəkillərinin apellyasiya şikayəti verəcəyini bildirib.

T.Şirəliyevin yaxınlarının bu dediklərinə Xətai Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

T.Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında «hicaba azadlıq» şüarı ilə keçirilən aksiya ilə bağlı həbs edilib. 2013-cü il iyunun 5-də məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Həmin hadisə ilə bağlı ümumilikdə 35 şəxs həbs edilmişdi. Xuliqanlıq və başqa cinayətlərdə ittiham edilən bu şəxslər 1 il 6 aydan 6 ilə kimi həbs cəzaları almışdılar.

Hüquq-müdafiə qurumlarının siyasi məhbus saydığı T.Şirəliyev bu ilin oktyabr ayında azadlığa çıxmalı idi. Ancaq sentyabrda ona yeni cinayət işi açıldığı deyilirdi. Yaxınlarının açıqlamasına görə, ittihamda bildirilirdi ki, T.Şirəliyevin yastığının altından biz tapılıb. Məhbusun yaxınları ittihamın qurama olduğunu qeyd etmişdilər. Ancaq Penitensiar Xidmət və başqa rəsmi qurumlardan müdafiə tərəfinin dediklərinə onda da münasibət almaq mümkün olmamışdı.

Azərbaycanda bundan öncə də siyasi məhbus sayılan insanların azadlığa çıxmalarına az qalmış başqa ittihamla üzləşərək həbs müddətlərinin artırılması halları olub. Onlar bunu hakimiyyətin siyasi sifarişi adlandırıblar. Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, ölkədə insanların əqidələrinə görə həbs və təqib olunması ilə bağlı deyilənləri qəbul etmirlər. Onların fikrincə, ölkədə siyasi məhbus yoxdur.