Avro-5 standartlarına uyğun yanacaq buraxılacaq

Heydər Əliyev adına Bakı neft emalı zavodu

Prezident İlham Əliyev bu gün, dekabrın 21-də Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində açılış mərasimində iştirak edib.

İlkin mərhələdə yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsi inşa edilib.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Prezidentə deyilib ki, bitum qurğusu istismara verildikdən sonra burada illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Bu qurğuda «PEN 40-60» markalı yüksək keyfiyyətli bitum istehsalı gözlənilir.

Zavodda yenidənqurma işləri üç mərhələdə icra olunur. Layihənin 2020-ci ilin sonunadək planlaşdırılan ikinci mərhələsində Avro-5 keyfiyyət standartına cavab verən dizel yanacağının istehsalı planlaşdırılır. 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzinin istehsalından ötrü yeni qurğuların inşası həyata keçirilməlidir.

Heydər Əliyev adına Bakı neft emalı zavodu (keçmiş Yeni Bakı Neftayırma Zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, «Azərneftyanacaq» Neft Emalı Zavodu) SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il iyulun 29-da verdiyi əmr ilə yaradılıb. Aradan keçən bu illər ərzində zavodda bir neçə dəfə yenidənqurma işləri aparılıb.