Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsinin həbsdəki sədri Babək Həsənov barəsində cinayət təqibinə bəraət verici əsaslarla xitam verilməsi istəyi ilə bağlı vəsatəti rədd edib.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.
B.Həsənovla bağlı cinayət işinin istintaqı artıq, başa çatıb. Vəkillər həmin cinayət işinin materialları ilə tanış olduqdan sonra belə vəsatət veriblər. Onlar B.Həsənovun əməllərində heç bir cinayət tərkibi olmadığınu vurğulayıblar .
Vəsatətə Baş Prokurorluğun Agır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəsi müavini Vüqar Nəsoibov baxıb. Qərar B.Həsənovun yaxınlarına bu gün, dekabrın 22-də təqdim edilib.
Qərarda bildirilir ki, B.Həsənova istinad edilən əməllər sübuta yetirilib.
“Babək Həsənova istinad edilən əməllərin törədilməsini təsdiqləyən və cinayət işi materiallarında əksini tapan sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət edir”, qərarda yazılır.
Babək Həsənov və da bir neçə cəbhəçi ilə bağlı cinayət işinin istintaqının başa çatdığı, hələ, ötən həftə açıqlanmışdı. Söhbət Babək Həsənovdan başqa AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlidən gedir.
AXCP-dən bildirildiyinə görə, cəbhəçilərə verilən ittihamların bəzilərinə məzmun dəyişikliyi edilib. Ancaq ittiham maddələri dəyişməyib.
Xatırlatma
Babək Həsənov AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli və bu partiyanın Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli ilə eyni gündə-mayın 25-də saxlanıb. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmli isə daha əvvəl həbs edilmişdi.
Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.
Cəbhəçilərin heç bir ittihamı qəbul etmədiyi bildirilir.
AXCP sədri Əli Kərimli də ittihamı rədd edərək onu qurama iş adlandırıb