Vəkilliyə qəbulla bağlı imtahan keçirilib

Azərbaycan Vəkillər Kollqgiyasının binası

Bu gün, dekabrın 23-də Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirib.

Proses Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində gerçəkləşib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Hələ, bu ilin aprel ayında başlanmış sənəd qəbuluna 150 nəfər hüquqşünas qatılmışdı. 3 saat davam edən imtahanda isə bilavasitə 138 nəfər iştirak edib. Onlardan 106 nəfəri 60 və daha yüksək bal toplayaraq növbəti mərhələyə keçib.

Ən yüksək nəticə göstərən namizəd 94 bal toplayıb.

Azərbaycanda vəkilliyə qəbul iki mərhələdə aparılır. Növbəti mərhələdə lazımı balı toplayan namizədlər şifahi imtahandan keçiriləcəklər.

Xatırlatma

Azərbaycanda bundan əvvəl, bu ilin əvvəlində vəkilliyə qəbulla bağlı imtahanlar keçirilmişdi. Onda ekspertlər hesab edirdilər ki, şifahi imtahanlar subyektivliyə yol açır.

Bu ilin əvvəlində səslənən bəzi şikayətlərə görə, bir sıra namizədlərə özlərinin və yaxınlarının müstəqil mövqeylərinə görə, Vəkillər Kollegiyası maneələr yaradır.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə demişdi ki, vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilmir.

Hazırda Vəkillər Kollegiyasının təqribən 1500 üzvü var.Beynəlxalq təşkilatların rəyinə görə, əhalinin sayı nəzərə alınmaqla vəkillərin sayına görə, Azərbaycan Avropa məkanında ən son yerlərdən birini tutur.