ABŞ əsgərləri Suriyadan çıxarılır – fərman ‘imzalanıb’

Suriyada kürd döyüşçülər ABŞ əsgərləri ilə söhbət edir, arxiv fotosu

Pentaqon ABŞ əsgərlərinin Suriyadan çıxarılmasıyla bağlı fərmanın imzalandığını bildirir. Prezident Donald Trump dekabrın 19-da əsgərlərin Suriyadan tamamilə çıxarılacağını açıqlamışdı.

Suriyaya dair fərman imzalanıb”, – “Frans Pres” agentliyi ABŞ ordusunun sözçüsünü istinadla dekabrın 23-də axşam bildirib.

CNN müdafiə rəsmisinin fərmanın imzalandığını təsdiqlədiyini xəbərləyib. Telekanalın başqa bir rəsmiyə istinadla verdiyi xəbərə görə, müdafiə naziri James Mattis sənədi imzalayıb.

Trump dekabrın 19-da Twitter-də paylaşdığı videoda elan edib ki, Suriyada İslam Dövləti terror qruplaşması üzərində “qələbə çalmışıq”. O, ABŞ-ın qüvvələrinin hamısının vətənə qaytarılacağını elan edib.

James Mattis (sağda) Donald Trump-a qulaq asır, arxiv fotosu

Respublikaçı və demokrat konqresmenlər, keçmiş hökumət liderləri, beynəlxalq müttəfiqlər Trump-ın qərarını tənqid edib, ABŞ qüvvələrinin Suriyadan çıxarılmasını “tələsik” adlandırıb.

“MÜTTƏFİQ ETİBARLI OLMALIDIR”

ABŞ hərbçiləri 2015-ci ildən Suriyadan İslam Dövləti (İŞİD) terror qrupuyla savaşan ərəb və kürd döyüşçüləri dəstəkləyir.

Opponentlərin fikrincə, ABŞ-ın Suriyadan çıxması kürd qüvvələrinə xəyanət deməkdir, onlar Türkiyə qüvvələrinin insafına buraxılmış olurlar. Ankara kürd döyüşçüləri Türkiyədəki kürd üsyançılarla əlaqələrdə ittiham edir.

Tənqidçilər onu da deyirlər ki, ABŞ-ın qüvvələrini çıxarması Suriyada İranla Rusiyanın qələbə çalmasına səbəb olar.

Suriyanın Türkiyəylə sərhədində kürd etirazçılar, arxiv fotosu

Fransa prezidenti Emmanuel Macron dekabrın 23-də deyib ki, Trump-ın qərarından “dərindən təəssüflənir”. “Müttəfiq etibarlı olmalıdır”, – o, sözlərinə əlavə edib.
Trump-ın ətrafındakılardan bəziləri açıq şəkildə onu qərarından döndərməyə çalışıblar.

Trump planlarını açıqlayandan sonra Mattis prezidentin xarici siyasətinə etiraz olaraq istefasını elan edib. İŞİD-ə qarşı qlobal koalisiyada Birləşmiş Ştatların əsas elçisi Brett McGurk da istefasını açıqlayıb.

2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir. Rusiya və İran bu müharibədə Prezident Bashar al-Assadı dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə müxtəlif üsyançı qrupların arxasında durur.

Bu müharibədə bütün tərəflər İŞİD-ə qarşıdır. 2014-cü ildə Suriyada, qonşu İraqda böyük əraziləri tutaraq İslam “xilafəti” elan edən İŞİD tutduğu yerlərdən əsasən çıxarılıb.