Hərbçilərin hüquq bilikləri artırılacaq

Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə bu gün, dekabrın 24-də Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, belə bir plan hazırlamaqda məqsəd Azərbaycan Ordusunda hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi və cinayət hadisələrinin qarşısını almaqdır. Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

«İl ərzində şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək», - məlumatda vurğulanır.

Xatırlatma

Son illər ölkədə hərbi cinayətlərin sayının azaldığı bildirilir. Bir müddət öncə baş prokurorunun müavini-hərbi prokuror Xanlar Vəliyev demişdi ki, 2017-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, 2005-ci illə müqayisədə isə 2 dəfə azalıb. Hərbi prokuror konkret rəqəmlər üzərində dayanmayaraq habelə bildirmişdi ki, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri də 2005-ci illə müqayisədə 1.8 dəfə aşağı düşüb.

Müstəqil ekspertlər isə bu rəqəmlərə bir qədər şübhə edirlər.