Həbsdəki keçmiş səhiyyə naziri Əli İnsanovun qardaşı Əhməd İnsanov dekabrın 23-də vəfat edib.
Bu haqda AzadlıqRadiosuna onun yaxınları danışıblar. Onların deməsinə görə, Ə.İnsanov yas mərasimində iştirak etməyəcək. Yaxınları bunu keçmiş nazirin rəsmi qurumlara yasa qatılmaqdan ötrü müraciət etmək niyyətində olmaması ilə izah ediblər.
«Əli müəllim 10 ildən artıqdır həbsdədir. Həbsdə olduğu vaxt xeyli əzizini itirib. Daha əvvəl başqa qardaşı, bacısı da vəfat etmişdi. Həmin vaxt Əli müəllimin yasa buraxılması üçün bütün əlaqəli qurumlara müraciət edilmişdi. Ancaq onu nə qardaşının, nə də bacısının yasına buraxdılar. Buna görə, təzədən müraciət etmək fikri yoxdur. Bilir ki, müraciətinə baxmayacaqlar, yasa buraxmayacaqlar», - yaxınları bildiriblər.
72 yaşlı Əli İnsanovdan da böyük olan qardaşı Əhməd İnsanovun ölümünün dəqiq səbəbi isə açıqlanmayıb. Bildirilir ki, 78 yaşlı Əhməd İnsanovun səhhətində problemlər olub.
Həbsdəki keçmiş nazirin vəkilləri isə Ə.İnsanovun yasa buraxılıb-buraxılmaması mövzusunda danışmaq istəməyiblər. Məsələyə rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb.
Azərbaycan qanunvericiliyi məhbuslara müraciət etdikləri təqdirdə yaxınlarının yas mərasimində iştirakdan ötrü müvəqqəti azadlığa buraxılmalarına imkan verir.
Xatırlatma
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurmaqda suçlanan nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Bu il yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.
Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.
Ancaq ölkə rəsmiləri insanların siyasi sifarişlə həbs edilməsi ilə bağlı iddiaları qəbul etmirlər.