Yaponiya Beynəlxalq Balinaçılıq Komissiyasından çıxır

Balina

Yaponiya Beynəlxalq Balinaçılıq Komissiyasından çıxdığını, kommersiya məqsədilə balina ovunu bərpa etdiyini açıqlayıb.

Hökumətin sözçüsü dekabrın 26-da deyib ki, kommersiya məqsədilə balina ovu Yaponiyanın ərazi sularında və eksklüziv iqtisadi zonada aparılacaq.

“Gələn ilin iyulundan kommersiya məqsədilə balina ovunu bərpa etməkdən ötrü Beynəlxalq Balinaçılıq Komissiyasından çıxmağa qərar vermişik”, – hökumətin sözçüsü Yoshihide Suga jurnalistlərə deyib.

Yaponiya hökuməti sentyabrda təklif edib ki, balina ovuna qoyulmuş 32 illik qadağa qaldırılsın, ancaq bu addım rədd olundu.

Qadağaya baxmayaraq, Yaponiya ildə 450 balina ovlayır və bunu elmi tədqiqat məqsədilə etdiyini bildirir.

Tokio iddia edir ki, balina növlərinin çoxunun nəslinin kəsilmək təhlükəsi yoxdur və balina onun mətbəxinin bir hissəsidir.