Tehran Əfqanıstan Talibanıyla ‘danışıqlar aparıb’

Ali Shamkhani Kabildə

İran Əfqanıstan Talibanıyla danışıqlar aparıb və Kabil hökumətinin bundan xəbəri olub. Bunu İran mediası ölkənin baş təhlükəsizlik rəsmisinə istinadla xəbər verir. Bir neçə gün öncə silahlı qruplaşma ABŞ-ın sülh elçisi ilə Əbu Dabidə barışıq danışıqlarına qatılmışdı.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Shamkhani dekabrın 26-da Kabilə səfəri zamanı açıqlama verib. IRNA agentliyinə görə, Shamkhani deyib ki, İranla Taliban arasında danışıqlar “Əfqanıstanda təhlükəsizlik problemlərinin önlənməsinə kömək” məqsədilə aparılıb.

“Əfqanıstan hökumətinin Talibanla aparılan kommunikasiyalardan və danışıqlardan xəbəri olub və proses davam edəcək”, – Shamkhani deyib.

Məlumatlarda görüşlərin harada, nə zaman keçirilməsi barədə detallar verilmir.

İLK DƏFƏDİR...

Shamkhani qeyd edib ki, “İranla Əfqanıstanın əməkdaşlığı bu gün Əfqanıstanın təhlükəsizlik məsələlərinin həllinə yardım edəcək”.

Tasnim agentliyinin reportyoru Abas Aslani tvitində yazıb ki, ilk dəfədir İranla Talibanın danışıqları rəsmən təsdiqlənir.

Ötən həftə ABŞ və Taliban rəsmiləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) danışıqlar aparmışdı.

Bu ayın əvvəlində isə ABŞ-ın Əfqanıstan üzrə xüsusi sülh elçisi Zalmay Khalilzad BƏƏ paytaxtı Əbu Dabidə Talibanla görüş keçirib.

Əfqanıstanın milli təhlükəsizlik müşaviri Hamdullah Mohib BƏƏ-də olsa da, danışıqlara qatılmamışdı, onun Khalilzad-la görüşərək müzakirələr barədə ondan informasiya aldığı xəbər verilir.

Bu danışıqlar Əfqanıstandakı müharibəni bitirməkdən ötrü Talibanla rəsmi sülh danışıqlarının başladılmasında vacib addım sayılır.

Ancaq Taliban Əfqanıstan hökumətinin üzvləri ilə görüşdən imtina edib. Khalilzad deyib ki, Əfqanıstan hökumətinin münaqişəni bitirmək istəməsindən əmindir, amma Talibanın “həqiqətən də sülh istədiyi” aydın deyil.