Ağdamda qəbiristanlıq atəşə tutulub

Qarabağda erməni əsgər

Dekabrın 26-da günün ikinci yarısında Ermənistan Silahlı Qüvvələri bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycanın rəsmi dövlət saytlarından AZƏRTAC məlumat yayıb. Agentliyin xəbərinə görə, atəşkəsin pozulması nəticəsində bir nəfər xəsarət alıb.

Xəbərdə vurğulanıb ki, Bakıdan gələrək həlak olan qardaşı oğlunun, qardaşının məzarını ziyarət etmək istəyən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Dilşad Allahverdiyeva və bir neçə yaxın qohumunu Ermənistan silahlı bölmələri atəşə tutub.

Atəş nəticəsində 73-yaşlı qadının qulaq nahiyəsindən xəsarət aldığı bildirilir. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib. D.Allahverdiyevanın artıq evə buraxıldığı deyilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı təsdiqləyiblər.

Agentliyin xəbərində vurğulanır ki, Ermənistan silahlı bölmələri bundan əvvəl də sözügedən qəbiristanlığı atəşə tutub, xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlərin olduğu da deyilir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, bir sıra kəndləri istisna olunmaqla ona bitişik 7 rayon və bəzi əlavə yaşayış məntəqələri işğal edilib. Ağdam şəhəri və rayonun bir sıra kəndləri də işğal edilən ərazilərə daxildir. Amma bu rayonun bəzi kəndləri Azərbaycanın nəzarəti altındadır. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.