ABŞ şirkətlərinin Çinin “Huawei” və ZTE şirkətlərinin avadanlıqlarından istifadəsinə qadağa qoyula bilər

Foto arxiv

ABŞ prezidenti Donald Trump, ABŞ şirkətlərinin Çinin nəhəng “Huawei” və ZTE texnologiya şirkətlərinin avadanlıqlarından istifadə etmələrinə qadağa qoymaq fikrindədir.

Bu barədə dekabrın 27-də Reuters agentliyi məlumat yayıb.

Bu qərar, Ağ evin şirkətə qarşı yeni addımı ola bilər.

Vaşinqtonda hesab edirlər ki, bu şirkətlər Çin hökumətinə işləyir və onların avadanlıqlarından casusluq məqsədilə istifadə edilir.

Artıq gələn ilin yanvarında Donald Trumpın müvafiq fərmanı açıqlana bilər, amma mənbələrin məlumatına görə, fərmanda şirkətlərin adları birbaşa hallanmayacaq.

“Huawei” və ZTE şirkətləri bu ittihamları rədd edirlər.

Qeyd edək ki, “Huawei” şirkətinin yaradıcısının qızı 46 yaşlı Meng Wanzhou dekabrın 1-də Kanadanın Vankuver limanında təyyarəsini dəyişərkən saxlanıb.

ABŞ hökuməti onu, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa cəhddə ittiham edir.

Meng Wanzhou ittihamı rədd edir.