Bakı-Gəncə sürət qatarı işə düşür

Sürət qatarı

Dekabrın 30-dan Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilməlidir.

Bu haqda «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) məlumatında bildirilir.

Məlumata görə, Bakı-Gəncə-Bakı sürət qatarlarının hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola çıxması planlaşdırılır.

Qatarın yolda olma müddətinin 4 saat 28 dəqiqə təşkil edəcəyi bildirilir.

Qatarların Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda 367 oturacaq yeri var. 'Birinci klass'da 9, 'biznes-klass'da 62, 'standart-klass'da isə 296 yer mövcuddur.

Qiymətlər...

Bakı-Gəncə marşrutuna bilet qiymətləri 3 klass üzrə fərqlidir. Standart yerlərə bir biletin qiyməti 15 manat olacaq. 'Biznes-klass'da bir bilet 50, 'birinci-klass'da isə 100 manat təşkil edəcək.

Bakı-Goran stansiyası marşrutuna bilet qiymətləri də müxtəlifdir. Bu marşrutda standart yerlərə bir biletin qiyməti 14, 'biznes-klass'da 47, 'birinci-klass'da isə 93 manat olacaq.

Bakıdan Yevlaxa gedənlər 'birinci-klass' yerə 87, 'biznes-klass'a 43, standart yerə 13 manat ödəməli olacaqlar. Yevlaxdan Gəncəyə qədər getmək istəyənlərə 'birinci-klass' yerin qiyməti isə 30 manatdır.

Biləcəridən Gəncəyə yola çıxmaq istəyənlərin bilet qiyməti də açıqlanıb. Həmin marşrut üzrə standart yerin qiyməti 14, 'biznes-klass'ınkı 47, 'birinci-klass'ınkı isə 93 manat olacaq.

Xatırlatma

«Azərbaycan Dəmir Yolları» QSC iki ilə əvvəl bildirmişdi ki, Bakı-Gəncə sürət qatarı 2017-ci ilin sonuna kimi istifadəyə veriləcək. Onda bildirilirdi ki, qiymətlər 15 manat olacaq, qatar 3 saat 30 dəqiqəyə Bakıdan Gəncəyə çatacaq. Layihənin maliyyə tərəfdən isə detalları tam açıqlanmayıb.