Hələlik, Qarabağ uğurunda döyüşlərdə həlak olan 3 min 100 hərbi qulluqçunun 4 min 200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.
Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu gün, dekabrın 28-də yayılan açıqlamasında yer alır.
Nazirliyinin məlumatına görə, qərarlar əsasında vərəsələrin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir.
Qurum bundan əvvəl 2 min 897 hərbi qulluqçu üzrə 3 min 856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar qəbul olunduğunu açıqlamışdı.
Nazirlik habelə bəyan etmişdi ki, komissiya həlak olmuş hərbi qulluqçulardan ümumilikdə 9 min 531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib.
«Hazırda digər vərəsələrdən də birdəfəlik ödənişlə təmin edilmələri üçün sənədlərin notarial qaydada qəbulu davam edilir. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı prosesinin 2019-cu il ərzində tam yekunlaşdırılması nəzərdə tutulub», - nazirliyin dekabrın 28-də yayılan açıqlamasında bildirilir.
Narazılıq davam edir
Qarabağ döyüşlərində həlak olanların ailə üzvləri dekabrın 28-də yenidən Şəhidlər xiyabanına toplaşıblar.
Onlar polislərin nəzarətiylə xiyabanı ziyarət etdikdən sonra Prezident Administrasiyasının qarşısına gediblər və vərəsələrin nümayəndələri orda qəbulda olublar. Demələrinə görə, onlara yenidən məhkəməyə üz tutmaq tövsiyə edilib.
Xatırlatma
Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi vərəsələr fərmanın icrasından narazılıq edirlər.
Bir neçə aydır bir qrup vərəsə Şəhidlər xiyabanının, Milli Məclisin və Prezident Administrasiyasının önünə toplaşaraq şikayətlərini dilə gətirirlər. Onlar bildirirlər ki, prezidentin fərmanına əsasən onlara verilməli olan birdəfəlik müavinəti ala bilmirlər. Vərəsələrə məhkəməyə üz tutmaq məsləhət bilinirdi.
Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib: «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...».