Mənzil dələduzluğuna görə tutulan şirkət rəhbəri buraxıldı

Bina

Yeni binalarda eyni mənzillərin müxtəlif adamlara satılmasıyla bağlı daha bir məhkəmə qalmaqalı yekunlaşıb. Paytaxtın Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında «Avro Qrand» Mənzil-Tikinti Kooperativinin rəhbəri, 63-yaşlı Xanlar Cəfərova dekabrın 28-də hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsində azadlığa buraxılıb.

Bu şirkətin inşa etdiyi binada eyni mənzillərin təkrar başqa adamlara satılmasına görə 24 nəfər zərərçəkən vardı. Onlar tikinti gedə-gedə ev almaq istəyiblər ki, daha ucuz başa gəlsin. Çünki inşası başa çatmış binada mənzillər daha baha qiymətə satılır. Nəticə də budur ki, indi məhkəmə qapılarında qalıblar.

«Avro Qrand»ın rəhbərinə mənzil dələduzluğuyla yanaşı, 1 milyon manat vergidən yayınma ittihamı da verilmişdi.

Məhkəmənin hökmündə göstərilib ki, zərərçəkənlərin hamısı ilə razılığa gəlinib, onlar artıq şikayətçi deyillər.

Vergi borcuna gəlincə, X.Cəfərovun 2 milyonluq əmlakının üzərinə həbs qoyulub. O, həmin əmlakın satılıb vergi borcuna yönəldilməsi üçün Vergilər Nazirliyinə müraciət edib. Nazirlik bununla razılaşıb və X.Cəfərova qarşı şikayəti, tələbi yoxdur.

Məhkəmə bildirir ki, onun səhhətində ciddi problemlər olması, ürəyində cərrahiyyə əməliyyatı aparılması, ilk dəfə məhkumluğu da nəzərə alınaraq, ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

«Avro Qrand»dan ev almaq istəyən zərərçəkənlər tikintinin yarımçıq qaldığını görəndə şübhələnib özləri araşdırma aparmağa başlayıblar. Onda üzə çıxıb ki, eyni mənzil bir neçə nəfərə satılıb. Sonuncu dəfə ikiotaqlı mənzil ucuz qiymətə növbəti müştəriyə satılanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları X.Cəfərovu saxlayıb.