Kim-in Trump-a ‘barışdırıcı mesaj’ göndərdiyi deyilir

Donald Trump (sağda) və Kim Jong Un Sinqapurda

Şimali Koreya lideri Kim Jong Un-un ABŞ Prezidenti Donald Trump-a “barışdırıcı mesaj” göndərdiyi bildirilir. Bu haqda Cənubi Koreya qəzeti xəbər yayıb.

Hazırda iki ölkə nüvə danışıqlarını davam etdirməyə çalışır. “Chosun Ilbo” qəzetinin diplomatik mənbəyə istinadla yazmasına görə, Kim-un “məktuba bənzər” mesajı ABŞ liderinə dekabrın 28-də dəqiq açıqlanmayan kanalla çatdırılıb.

Məlumatda mesajda nə deyildiyi bildirilmir, ancaq ABŞ-Şimali Koreya danışıqlarına aid olduğu, barışdırıcı tonda yazıldığı qeyd edilir.

ABŞ Dövlət Departamenti məlumata hələlik, münasibət açıqlamayıb.

Vaşinqtonla Pxenyan nüvə silahları tərksilahı və beynəlxalq sanksiyaların qaldırılması üzrə danışıqlar aparırlar.

Kim və Trump iyunun 12-də Sinqapurda görüşüblər və Koreya yarımadasının “tamamilə nüvəsizləşdirilməsi”nə dair niyyətlərini açıqlayıblar.

Şimali Koreya dekabrın 20-də bəyan edib ki, Birləşmiş Ştatlar nüvə təhdidindən əl çəkməyincə nüvə silahlarından birtərəfli qaydada əl çəkməyəcək.