Gəncə olayları - 4-cü qrupun da işi məhkəmədə

Gəncə şəhər İcra Hakimiyyəti

Gəncə olayları ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Məlumatı «Report» agentliyi yayıb.

Agentliyin xəbərində bildirilir ki, bir neçə maddə ilə ittiham edilən Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov Vüqar Xudiyevin cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Ancaq məhkəmənin hazırlıq iclasının vaxtı, hələlik, açıqlanmayıb.

Cinayət işində 17 zərərçəkmiş var.

Bu, Gəncə olayları ilə bağlı məhkəməyə göndərilən ilk iş deyil. Bundan əvvəl daha üç qrupun işi Gəncə Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Onlardan iksinin məhkəməsi yanvarın əvvəlində başlamalıdır. Üçüncü qrupda yer alanlara Cinayət Məcəlləsinin 220.1-ci (Kütləvi iğtişaş) maddəsi ilə ittiham irəli sürülüb. Əvvəlki qruplarda olanlara da Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz silah gəzdirmə), 220.1 (Kütləvi iğtişaş), 234 (Narkotik) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) kimi maddələri ilə ittiham verilmişdi.

Amma, bundan əvvəl Gəncə olaylarına görə məhkəmə qərarı ilə cəzalandırılan da olub. Söhbət Gəncə olaylarından sonra həbs edilən Rza Səfərsoydan gedir. O, Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı olan Səfərsoy Facebook-dakı statuslarına görə məhkum edilib.

Onun həyat yoldaşının sözlərinə görə, əri qətldə günahlandırılan Yunis Səfərovun həbsindən sonra onun durumundan narahatlıq ifadə edən statuslar yazıb, ictimaiyyəti onu tək qoymamağa çağırıb, ardınca həbs olunub. O, Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə günahlandırılıb.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 80-nə yaxın şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.

Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü haqqında məlumatlar yayılıb (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.