İtaliyanın Florensiya şəhərindəki Uffizi qalereyası Almaniyadan tələb edir ki 2-ci Dünya müharibəsi zamanı nasist əsgərlərin oğurladığı əsəri geri qaytarsın. Söhbət hollandiyalı rəssam Jan van Huysum tərəfindən çəkilmiş natürmortdan gedir.
Məşhur qalereya yanvarın 2-də tələbini daha da dramatikləşdirib, əsərin ağ-qara fotosunu asaraq üstündə üç dildə “Oğurlanıb” yazıb.
“Bir vaza gül” adlı əsər naməlum alman ailəsindədir, saysız müraciətləri baxmayaraq onu qaytarmır. Bunu qalereyanın direktoru Eike Schmidt deyib.
"ONU SATIN ALMAQ OLMAZ"
Onun sözlərinə görə, ailənin araçıları əsər üçün ödəniş tələb edirlər.
“Bu əsər İtaliya dövlətinin əmlakıdır və onu satın almaq olmaz”, – Schmidt söyləyib.
“Almaniya bu əsəri muzeyimizə qaytarmağa mənən borcludur”, – alman olan Schmidt sözlərinə əlavə edib.
“Bu səbəbdən 2-ci Dünya Müharibəsinin və nasist terrorçuluğunun yaraları hələ də sağalmayıb”, – o vurğulayıb.
Yağlı boya ilə çəkilmiş əsər 1824-cü ildən Florensiyada Pitti Palace kolleksiyasına daxil olub. Müharibə başlayanda təhlükəsizlik səbəblərindən kolleksiyadan çıxarılsa da, geri çəkilən alman əsgərləri onu oğurlayıb.
1991-ci ildə Almaniya birləşəndə əsərin İtaliyaya qaytarılması tələbi səslənməyə başlayıb.
Almaniya Holokostdan salamat çıxanlara və onların ailələrinə 16 min əşya qaytarıb. Bu, nasistlərin talan etdiyi əsərlərin qaytarılması üzrə beynəlxalq razılaşma çərçivəsində gerçəkləşdirilib.
Schmidt deyib ki, razılaşma ancaq ictimai kolleksiyalara aiddir, özəllərə deyil. Almaniya məhkəmələri də məhdudiyyətləri əsas gətirərək bu işi qəbul etməyib.