Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Bolton İsrail və Türkiyəyə səfər edəcəyini, ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını, Vaşinqton və müttəfiqlərinin İranın regiondakı “ziyanlı davranışı”nı necə önləyəcəyini müzakirə edəcəyini deyir.
Yanvarın 3-də yazdığı tvitində Bolton qeyd edib ki, İslam Dövləti (İŞİD) qruplaşmasının regionda “yenidən baş qaldırmasını” önləməyin yollarını da götür-qoy edəcək.
Bolton yazıb ki, onu Türkiyədə danışıqlarda donanma generalı, baş qərargah rəisi Joseph Dunford müşayiət edəcək.
ABŞ Prezidenti Donald Trump dekabrın 19-da verdiyi qərarla konqresmenləri və hərbi liderləri təəccübləndirib. O, Suriyadakı 2 min ABŞ hərbçisinin hamısının çıxarılacağını bildirib.
Ancaq Trump son günlər qərarın icrasını səngidib, çıxarılmanın tədricən baş verəcəyini deyib.