Siyasilər bloqqerə dəstək aksiyasına başladıqlarını açıqlayıblar

Mehman Hüseynov, blogger. 28 mart 2017

Azadlığa çıxmasına bir neçə ay qalmış həbsdə yeni ittihamla üzləşən bloqqer Mehman Hüseynovla həmrəylik aksiyalarına start verildiyi bildirilir.

Yanvarın 4-də, keçmiş məhbuslardan Müsavat Partiyasının Divan üzvü Tofiq YaqubluSiyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Mehman Hüseynova dəstək məqsədi ilə aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

“Mehman Hüseynova, o cümlədən bütün siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyasına başlayıram. Yalnız su içəcəm. Aclığın ilk günlərini ayaq üstə keçirəcəm, sonrakı günlərini Müsavat Partiyasının qərargahında davam etdirəcəm”, deyə Tofiq Yaqublu yanvarın 4-də bildirib.

E.Həsənov da eyni məzmunlu açıqlama ilə çıxış edib.

E.Həsənov “aclıq aksiyası ilə bağlı nəzarət altında olmaqdan ötrü Səhiyyə Nazirliyinə müraciət etmisinizmi” sualını belə cavablandırıb:

“Səhhətimizdə hər hansı problem yaranarsa həkim nəzarəti də tələb edəcəyik. ”

Bununla yanaşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Məmmədov da M.Hüseynova dəstək məqsədilə aclıq aksiyasıına başladığını açıqlayıb.

Ancaq bütün bu açıqlamalara, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Azərbaycanın rəsmi qurmları ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.
Yerli hüquq müdafiəçiləri isə ölkədə 150 civarında siyasi məhbus olduğunu iddia edirlər.

İnzibati həbs edilən və cərimələnənlər

Yanvarın 3-də də bir qrup fəal Bakıda “ Mehmana azadlıq” şüarı ilə aksiya keçirmişdi. Polis onlardan 15 nəfərini saxlamışdı. Saxlananların bəziləri 7 saat sonra buraxılsa da, bir neçəsi də hakim önünə çıxarılıblar.

Nizami Rayon Məhkəməsinin qərarıyla saxlanan xanımlar - Mətanət Mahmırzayeva və Fatimə Mövlamlının hər biri 300 manat cərimələnib. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.2 (yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlərin təşkili, keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib. Eyni maddə ilə ittiham olunan bloqqer Fərid Abdinova da 400 manat cərimə kəsilib. «Kanal 13» internet televiziyasının əməkdaşı Nurlan Libre (Qəhrəmanlı), Səxavət Nəbiyev və Elmixan Ağayevə də 20-25 günlük inzibati həbs cəzası verilib.Azel.tv saytının baş redaktoru Əfqan Sadıqlıya 22 sutka həbs, Pərvin Abışovaya isə 300 manat cərimə kəsilib.

Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Vəkillərinin bildirməsinə görə, M.Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlayıb. Onun bu üzdən səhhətinin ağırlaşdığı bildirilir. Ancaq Penitensiar Xidmətdən də vurğulayıblar ki, M.Hüseynov yemək qəbul edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.